İctimai tanınmışlıq ailə üzvlərinin şəxsi həyatına müdaxiləyə əsas vermir – Məhkəmə

Baş səhifə

Bakı. Trend:

Tovuz Rayon Məhkəməsində şərəf və ləyaqətin müdafiəsi, sosial
şəbəkələrdə yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın
ödənilməsi tələbinə dair mülki işə baxılıb.

Tovuz Rayon Məhkəməsindən verilən məlumata görə, iddiaçı
cavabdehin “YouTube”, “TikTok” və “Instagram” platformalarında
yayımlanan videolarda onun və ailə üzvlərinin ünvanına alçaldıcı
ifadələr işlətdiyini, şəxsi və ailə həyatına aid məsələləri ictimai
müzakirəyə çıxardığını bildirib. İddiaçı məlumatların təkzib
edilməsini və 100 min manat mənəvi ziyanın ödənilməsini tələb
edib.

Məhkəmə sübutları və videomaterialları araşdıraraq mübahisəli
ifadələrin iddiaçının və ailə üzvlərinin şəxsi həyatına müdaxilə
xarakteri daşıdığını, onların şərəf və ləyaqətini alçaltdığını
müəyyən edib.

Qeyd olunub ki, şəxsin ailə münasibətləri, uşaqların mənşəyi və
digər şəxsi məlumatları üstün ictimai maraq olmadan kütləvi
müzakirə predmetinə çevrilə bilməz. Hətta həqiqətə uyğun
məlumatların şəxsi həyata müdaxilə məqsədilə ictimailəşdirilməsi də
hüquqa zidd ola bilər.

Məhkəmə uşaqların doğulma şəraitinə görə fərqləndirilməsinin və
onların mənşəyi ilə bağlı alçaldıcı ifadələrin işlədilməsinin
yolverilməz olduğunu vurğulayıb.




Bildirilib ki, ifadələrin hüquqi qiymətləndirilməsi zamanı ümumi
kontekst, onların işlədildiyi şərait və konkret şəxsə
ünvanlanıb-ünvanlanmadığı nəzərə alınmalıdır. Şəxsin adının birbaşa
çəkilməməsi onun şərəf və ləyaqətinin pozulmasını istisna etmir.
Mübahisəli ifadələrin sosial şəbəkələrdə dəfələrlə təkrarlanması
isə davranışın sistemli və məqsədyönlü xarakter daşıdığını
göstərib.

Məhkəmə diqqətə çatdırıb ki, fikir və söz azadlığı mütləq hüquq
deyil. Sosial şəbəkələrdə ifadə azadlığından istifadə başqalarının
şərəf, ləyaqət və şəxsi həyatına hörmət etmək öhdəliyini aradan
qaldırmır. Real həyatda qüvvədə olan etik və hüquqi normalar
rəqəmsal mühitdə də qorunmalıdır.

Həmçinin qeyd edilib ki, ictimaiyyət arasında tanınan şəxslərin
daha geniş tənqidə məruz qala bilməsi onların ailə üzvlərinin şəxsi
həyatına müdaxiləyə əsas vermir.

Mənəvi ziyanın məbləği müəyyənləşdirilərkən hüquq pozuntusunun
xarakteri, məlumatların yayılma miqyası, vurulmuş mənəvi zərər,
cavabdehin davranışı və maddi imkanlarına dair sübutlar nəzərə
alınıb.

Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin
edilib. Cavabdehin sosial şəbəkələrdə işlətdiyi ifadələr iddiaçının
şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunub. Cavabdehdən
iddiaçının xeyrinə 7 min manat mənəvi ziyan və 90 manat dövlət
rüsumunun tutulması qət edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir