
Bakı. Trend:
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Azərbaycanda insan
hüquqları və azadlıqları məsələsinə dair 8 oktyabr tarixli
qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirərək sənəddə yer
alan ittihamları rədd edib.
Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Avropa
Parlamentinin qətnaməsinə münasibətində bildirilib.
Milli Məclis qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana
qarşı məqsədyönlü siyasi xətti İkinci Qarabağ müharibəsindən sonra
daha böyük qarşıdurma xarakteri alıb. Bildirilib ki, son illərdə
qəbul edilmiş qətnamələr, Azərbaycana siyasi təzyiq göstərilməsi və
sanksiyalar tətbiq olunmasına dair çağırışlar təşkilatın Cənubi
Qafqazda yaranmış yeni geosiyasi reallıqları qəbul etmədiyini
göstərir.
Münasibətdə Avropa Parlamentinin Azərbaycanın dövlət
orqanlarının səlahiyyət dairəsini müəyyənləşdirməyə, hüquq-mühafizə
və məhkəmə qurumlarına göstəriş verməyə və ikitərəfli
münasibətlərin siyasi şərtlərini müəyyən etməyə çalışması da tənqid
olunub. Milli Məclis bunun Azərbaycanla münasibətlərin hüquq
bərabərliyi, qarşılıqlı hörmət və daxili işlərə qarışmama
prinsipləri əsasında qurulmasına dair suallar yaratdığını
bildirib.
Milli Məclis, həmçinin Avropa Parlamentində korrupsiya və
qeyri-qanuni lobbi təsiri ilə bağlı məsələlərin olduğunu qeyd
edərək, təşkilatın əvvəlcə öz standartlarının tətbiqində ardıcıl
olmasının vacibliyini vurğulayıb.
Münasibətdə Avropa Parlamentinin insan hüquqları məsələlərinə
yanaşmasında ikili standartların olduğu da bildirilib. Qeyd olunub
ki, Azərbaycanla bağlı qətnamələr qəbul edildiyi halda, Avropa
ölkələrinin özündə polis zorakılığı, dinc toplaşmaq azadlığının
məhdudlaşdırılması və hüquq pozuntularına görə məsuliyyətin təmin
edilməsi ilə bağlı problemlər qalmaqdadır.
Milli Məclis hesab edir ki, qətnamənin Azərbaycan-Ermənistan
arasında sülh gündəliyinin irəli aparıldığı bir dövrdə qəbul
edilməsi də narahatlıq doğurur. Bildirilib ki, birtərəfli
təşəbbüslər və yanlış rəylər qarşılıqlı etimad mühitinin
qurulmasını çətinləşdirir və münasibətlərin normallaşdırılmasına
əlavə maneələr yaradır.
Münasibətdə Avropa Parlamentinin Milli Məclislə əməkdaşlığın
bərpasına dair çağırışı ilə parlamentlərarası ixtilaf yaradan
sənədlərin qəbulu arasında ziddiyyət olduğu da vurğulanıb. Milli
Məclis bildirib ki, etimadın bərpası üçün qarşıdurma ritorikasından
imtina edilməli və parlamentlərarası əlaqələrin bərabərhüquqlu
xarakteri qəbul olunmalıdır.
Azərbaycan Milli Məclisi ölkənin insan hüquqlarının və əsas
azadlıqların qorunmasına, qanunun aliliyinin təmin edilməsinə və
hüquqi dövlət prinsiplərinin həyata keçirilməsinə sadiq olduğunu
bildirib.
Münasibətdə Avropa Parlamentinin Azərbaycana qarşı ittihamlar
irəli sürərkən Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi
dövrdə etnik təmizləmə və digər ağır hüquq pozuntularına məruz
qalan azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları barədə
susduğu da qeyd olunub.
Sonda Azərbaycan Milli Məclisi Avropa Parlamentini Azərbaycanla
qarşıdurma ritorikasından əl çəkməyə və Azərbaycanın daxili
işlərinə qarışmamağa çağırıb. Parlament bəyan edib ki, heç bir
qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz.

