
Bakı.Trend:
Müstəqil Dövlətlər Birliyi (MDB) 2028-ci ili Sosial İnkişaf və
Həyat Keyfiyyəti İli, 2029-cu ili isə MDB-də Nəqliyyat Bağlantıları
İli elan edib.
Bu barədə MDB İcraiyyə Komitəsinin yaydığı press-relizdə
bildirilib.
Müvafiq qərarlar bu gün Türkmənistanda keçirilən MDB Dövlət
Başçıları Şurasının iclasında qəbul edilib.
Məlumata görə, 2028-ci ilin Sosial İnkişaf və Həyat Keyfiyyəti
İli elan edilməsi təşəbbüsü Qırğızıstanın Əmək, Sosial Təminat və
Miqrasiya Nazirliyi tərəfindən irəli sürülüb və MDB iştirakçısı
olan dövlətlərin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə
Məşvərət Şurası tərəfindən dəstəklənib.
2028-ci ildə sosial-əmək sahəsində normativ-hüquqi bazanın
təkmilləşdirilməsi, pilot layihələrin həyata keçirilməsi, əhaliyə
sosial dəstək sahəsində qabaqcıl təcrübənin yayılması, həmçinin
hüquqi, sosial-iqtisadi və demoqrafik siyasət məsələlərinə dair
beynəlxalq forumların keçirilməsi planlaşdırılır.
2029-cu ilin MDB-də Nəqliyyat Bağlantıları İli elan edilməsi
təşəbbüsü isə Türkmənistan tərəfindən irəli sürülüb. Bu təşəbbüs
ölkənin 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində müəyyənləşdirdiyi
prioritetlərin davamıdır.
Təşəbbüs nəqliyyat infrastrukturunun inkişafını, müxtəlif
nəqliyyat növləri arasında koordinasiyanın gücləndirilməsini,
sektorun rəqəmsallaşdırılmasını və daşımaların təhlükəsizliyinin
artırılmasını nəzərdə tutur. Bildirilib ki, bu tədbirlər iqtisadi
inteqrasiyanın gücləndirilməsinə, xarici ticarət əlaqələrinin
genişləndirilməsinə və regionun dayanıqlı inkişafına xidmət
edəcək.

