
Bakı. Trend:
2026-cı ilin birinci yarısında Azərbaycanda qiymətli kağızlar
bazarının ümumi ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə
müqayisədə 32 faiz və ya 11,9 milyard manat azalaraq 25 milyard
manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə
Sabitliyi Hesabatı”nda bildirilib.
Hesabat dövründə dövriyyənin azalmasına əsasən Mərkəzi Bankla
aparılan repo və əks-repo əməliyyatlarının həcminin aşağı düşməsi
təsir edib. Korporativ qiymətli kağızlar bazarının ticarət
dövriyyəsi ötən ilin ilk yarısı ilə müqayisədə 24 faiz və ya 400
milyon manat artıb. Dövlət qiymətli kağızlarının dövriyyəsi isə 62
faiz və ya 2,6 milyard manat azalıb.
Korporativ qiymətli kağızların ilkin bazar dövriyyəsi 65 faiz və
ya 600 milyon manat artaraq 1,5 milyard manata çatıb. Bununla
yanaşı, həmin qiymətli kağızların təkrar bazar dövriyyəsi 34 faiz
və ya 200 milyon manat azalaraq 400 milyon manat təşkil edib.
Dövlət qiymətli kağızları üzrə ilkin bazar dövriyyəsi ötən ilin
müvafiq dövrü ilə müqayisədə 53 faiz və ya 1,2 milyard manat,
təkrar bazar dövriyyəsi isə 73 faiz və ya 1,4 milyard manat azalıb.
Hesabatda dövlət qiymətli kağızları bazarında dövriyyənin azalması
Maliyyə Nazirliyi tərəfindən yeni emissiyaların həcminin aşağı
olması ilə əlaqələndirilib.
Repo və əks-repo bazarında da aktivlik zəifləyib. 2026-cı ilin
ilk altı ayında bu əməliyyatların ümumi həcmi ötən ilin eyni dövrü
ilə müqayisədə 30,9 faiz və ya 9,7 milyard manat azalaraq 21,6
milyard manat təşkil edib. Bununla belə, AMB qeyd edib ki, repo
bazarının ümumi aktivliyi qənaətbəxş səviyyədə qalır.
Hesabat dövründə tədavüldə olan dövlət qiymətli kağızlarının
həcmi də azalıb. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 20 faiz
və ya 1,8 milyard manat azalaraq 7,2 milyard manata düşüb.
Azalmanın əsas səbəbi Maliyyə Nazirliyi tərəfindən yeni
emissiyaların həcminin aşağı olmasıdır.
Bunun əksinə, Azərbaycan Mərkəzi Bankının notlarının
dövriyyədəki həcmi 30 faiz və ya 100 milyon manat artaraq 500
milyon manata çatıb.
2026-cı ilin birinci yarısında investisiya şirkətlərinin balans
göstəricilərində də artım qeydə alınıb. Ötən ilin sonu ilə
müqayisədə onların aktivləri 2 faiz və ya 2 milyon manat artaraq
123 milyon manata, öhdəlikləri isə 9 faiz və ya 6 milyon manat
artaraq 70 milyon manata yüksəlib.

