
Bakı. Trend:
2027-ci ildə dövlət büdcəsindən iqtisadi fəaliyyətin
maliyyələşdirilməsinə 8 milyard 907,3 milyon manat, o cümlədən
dövlət əsaslı vəsait qoyuluşuna 5 milyard 300 milyon manat vəsait
ayrılması proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin 2027-ci il və sonrakı üç il üzrə
dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat
səviyyəsində göstəricilərində bildirilib.
2027-ci ildə iqtisadi fəaliyyət üzrə xərclər 2026-cı ilin təsdiq
olunmuş göstəricisi ilə müqayisədə daha yüksək səviyyədə
proqnozlaşdırılır. Bu istiqamətdə 2027-ci il üçün nəzərdə tutulan 8
milyard 907,3 milyon manat vəsait dövlət büdcəsi xərclərinin 21
faizini təşkil edir.
Ortamüddətli dövrdə iqtisadi fəaliyyət üzrə xərclərin 2030-cu
ildə 9 milyard 126,4 milyon manata çatdırılması nəzərdə tutulur.
Beləliklə, 2027-ci illə müqayisədə 2030-cu ildə bu istiqamət üzrə
xərclər 219,1 milyon manat və ya təxminən 2,5 faiz artacaq.
Daha nəzərəçarpan artım dövlət əsaslı vəsait qoyuluşunda, yəni
investisiya xərclərində gözlənilir. 2027-ci ildə bu məqsədlə 5
milyard 300 milyon manat ayrılması proqnozlaşdırılır. Bu göstərici
2028-ci ildə 5,5 milyard manata, 2029-cu ildə 5,6 milyard manata,
2030-cu ildə isə 5,7 milyard manata yüksələcək.
Nəticədə 2027-2030-cu illər ərzində dövlət əsaslı vəsait
qoyuluşunun 400 milyon manat və ya 7,5 faiz artması nəzərdə
tutulur. Dörd il ərzində bu istiqamət üzrə ümumilikdə 22,1 milyard
manat vəsaitin yönəldilməsi proqnozlaşdırılır.
Ümumilikdə isə dövlət büdcəsinin xərclərinin 2027-ci ildə 42,4
milyard manat olacağı gözlənilir. Bu göstərici 2028-ci ildə 42,82
milyard manat, 2029-cu ildə 43,491 milyard manat, 2030-cu ildə isə
44,236 milyard manat təşkil edəcək. Beləliklə, 2027-2030-cu illər
ərzində dövlət büdcəsi xərclərinin 1 milyard 836,5 milyon manat və
ya 4,3 faiz artması proqnozlaşdırılır.
Funksional təsnifata əsasən, 2027-ci ildə iqtisadi fəaliyyətə
ayrılan 8 milyard 907,3 milyon manat müdafiə və milli təhlükəsizlik
xərclərindən (8 milyard 816,4 milyon manat) 90,9 milyon manat çox
olacaq. İqtisadi fəaliyyət üzrə xərclər təhsil xərclərini (5
milyard 99 milyon manat) 3 milyard 808,3 milyon manat, sosial
müdafiə və sosial təminat xərclərini (4 milyard 914 milyon manat)
isə 3 milyard 993,3 milyon manat üstələyəcək.
2027-ci ildə dövlət büdcəsi xərclərinin 26,4 milyard manatının
və ya 62,3 faizinin cari xərclərə, 13,8 milyard manatının və ya
32,5 faizinin əsaslı xərclərə, 2,2 milyard manatının və ya 5,2
faizinin dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə
yönəldilməsi nəzərdə tutulur.
Cari xərclər 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə
müqayisədə 1 milyard 198,4 milyon manat və ya 4,8 faiz artacaq.
Əsaslı xərclərin isə 244,4 milyon manat və ya 1,7 faiz azalacağı,
dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin isə 257,6 milyon
manat və ya 10,5 faiz azalaraq 2,2 milyard manat təşkil edəcəyi
proqnozlaşdırılır.

