
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru,
memarlıq doktoru, professor Gülçöhrə Məmmədova Özbəkistanın
Səmərqənd Dövlət Texniki Universitetindən təcrübə mübadiləsi
məqsədilə ölkəmizə səfər edən 14 nəfərlik professor-müəllim
heyətini qəbul edib.
Görüşdə AzMİU-nun nümayəndə heyəti də iştirak edib. Tərəflər iki
ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın
genişləndirilməsi, birgə elmi-tədqiqat fəaliyyətinin təşkili,
müəllim mübadiləsi və tədris sahəsində qabaqcıl təcrübələrin
paylaşılması imkanlarını müzakirə ediblər.
Qonaqları salamlayan rektor, professor Gülçöhrə Məmmədova
Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq
münasibətlərinin elm və təhsil sahəsində əməkdaşlığın inkişafı üçün
də əlverişli imkanlar yaratdığını bildirib. Rektor son illər iki
ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin genişləndiyini,
qarşılıqlı səfərlərin, akademik mübadilə proqramlarının və birgə
təşəbbüslərin bu münasibətlərin daha da möhkəmlənməsinə xidmət
etdiyini vurğulayıb.
Rektor AzMİU-nun beynəlxalq əməkdaşlıq strategiyasında xarici
universitetlərlə akademik əlaqələrin inkişafına xüsusi önəm
verildiyini diqqətə çatdırıb. O, universitetin memarlıq, inşaat
mühəndisliyi, şəhərsalma və dizayn sahələrində formalaşmış
elmi-pedaqoji potensialından, beynəlxalq tərəfdaşlıq əlaqələrindən
və tədrisin müasirləşdirilməsi istiqamətində görülən işlərdən
danışıb.
Professor Gülçöhrə Məmmədova qeyd edib ki, professor-müəllim
heyətinin qarşılıqlı mübadiləsi yalnız peşəkar bilik və
bacarıqların artırılması baxımından deyil, həm də universitetlər
arasında uzunmüddətli elmi və akademik əlaqələrin qurulması
baxımından əhəmiyyətlidir. Bu cür proqramlar müxtəlif tədris
metodlarının öyrənilməsinə, yeni elmi yanaşmaların mənimsənilməsinə
və gələcək birgə layihələr üçün əməkdaşlıq imkanlarının
müəyyənləşdirilməsinə şərait yaradır.
Səmərqənd Dövlət Texniki Universitetinin nümayəndələri səmimi
qəbula və yaradılan şəraitə görə təşəkkürlərini bildirərək AzMİU-da
təcrübə keçmək imkanını yüksək qiymətləndiriblər. Onlar səfər
müddətində universitetin tədris prosesi, elmi-tədqiqat fəaliyyəti,
müasir tədris metodları və müvafiq ixtisaslar üzrə tətbiq edilən
yanaşmalarla yaxından tanış olmaqda maraqlı olduqlarını ifadə
ediblər.
Görüşdə universitetlər arasında professor-müəllim mübadiləsinin
davam etdirilməsi, ortaq elmi araşdırmaların aparılması, beynəlxalq
konfrans və seminarlarda birgə iştirak, eləcə də memarlıq və
şəhərsalma sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir
mübadiləsi aparılıb.
Qeyd edək ki, Səmərqənd Dövlət Texniki Universitetinin 14
nəfərdən ibarət professor-müəllim heyəti oktyabrın 15-dən noyabrın
2-dək AzMİU-da təcrübə keçəcək. Proqram çərçivəsində qonaqlar
universitetin Landşaft memarlığı, Memarlığın əsasları, Memarlıq
layihələndirilməsi və şəhərsalma, Mühit dizaynı, həmçinin Memarlıq
konstruksiyaları və abidələrin bərpası kafedralarında fəaliyyət
göstərəcəklər.
Təcrübə proqramı iştirakçılara müvafiq kafedraların
elmi-pedaqoji fəaliyyəti ilə tanış olmaq, tədrisin təşkili və
ixtisas fənlərinin tədrisi üzrə təcrübə mübadiləsi aparmaq,
həmçinin azərbaycanlı həmkarları ilə peşəkar əlaqələr qurmaq imkanı
yaradacaq.
Görüş qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı
müzakirələrlə yekunlaşıb.

