
Bakı. Trend:
Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi
qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin
cəlb olunması ilə keçirilən “Şahinlərin Görüşü – 2026” birgə
taktiki-uçuş təliminin növbəti mərhələsində təlim-məşq uçuşları
icra olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, uçuşlar zamanı hərbi qulluqçular mürəkkəb pilotaj
elementlərini yerinə yetirərək havada qarşılıqlı əlaqə və döyüş
tapşırıqlarının icrası üzrə praktiki bacarıqlarını nümayiş
etdiriblər.
Qeyd edək ki, hərbi pilotlar yüksək peşəkarlıq göstərərək
qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.

