
Bakı. Trend:
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün
yeni bazar tikilərək istifadəyə verilib.
Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi
Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, müasir tələblərə uyğun inşa edilən bazarda heyvan
sağlamlığının qorunması, baytarlıq nəzarətinin həyata keçirilməsi
və biotəhlükəsizliyin təmin olunması üçün zəruri infrastruktur
yaradılıb.
Beləliklə, Şəmkir heyvan satışı bazarının istifadəyə verilməsi
ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 23-ə
çatıb.
Bazarda baytarlıq nəzarətinin təşkili məqsədilə kliniki baxış
platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Həmçinin
heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün
müvafiq avadanlıqlar yerləşdirilib.
Heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması
üçün xüsusi bölmələr ayrılıb. Bununla yanaşı, su və yem təchizatı,
işıqlandırma və tullantıların idarə olunması sistemləri
qurulub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
tərəfindən aparılan qiymətləndirmə nəticəsində bazarda
baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun şəraitin
yaradılması nəzərə alınıb.
Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay,
Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron,
Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş, Zaqatala, Qazax, Gədəbəy
rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində və Bakının
Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.

