
Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri tərəfindən 22 oktyabr
2026-cı il tarixində “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu
İnkişaf Strategiyası” təsdiq edilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, strategiya ölkənin iqtisadi inkişafını davam
etdirməklə iqlimə təsirin azaldılmasını, 2060-cı ilədək xalis sıfır
emissiya hədəfinə nail olunmasını nəzərdə tutur.
Xalis sıfır emissiya atmosferə buraxılan istixana qazlarının
mümkün qədər azaldılması, qalan emissiyaların isə meşələr və digər
təbii və texnoloji həllər vasitəsilə udulması ilə tarazlaşdırılması
deməkdir.
Strategiya bu məqsədə doğru energetika, nəqliyyat, sənaye,
neft-qaz, kənd təsərrüfatı, binalar və tullantıların idarə olunması
sahələrində mərhələli dəyişiklikləri nəzərdə tutur.
Praktik olaraq bu, günəş və külək enerjisindən istifadənin
genişləndirilməsi, evlərdə və müəssisələrdə enerjiyə qənaət, daha
təmiz nəqliyyatın inkişafı, neft-qaz sektorunda metan sızmalarının
azaldılması, tullantıların çeşidlənməsi və təkrar emalı, meşələrin
qorunması və bərpası kimi tədbirləri əhatə edir. Bu dəyişikliklər
daha təmiz ətraf mühitlə yanaşı, yeni iş yerlərinin yaranmasına,
müasir texnologiyaların tətbiqinə və iqtisadiyyatın rəqabət
qabiliyyətinin güclənməsinə imkan yarada bilər.
Strategiyada 2035-ci ilədək istixana qazları emissiyalarının
1990-cı illə müqayisədə 40 faiz azaldılması hədəfi ilə 2060-cı il
üçün uzunmüddətli baxış arasında əlaqə müəyyənləşdirilib. Qarabağ
və Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda “yaşıl enerji zonaları”nın
inkişafı da bu keçidin mühüm istiqamətlərindəndir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli əlaqələndirici
qurum qismində iştirakı və aidiyyəti dövlət qurumlarının birgə
fəaliyyəti çərçivəsində hazırlanan sənədin BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim
edilməsi nəzərdə tutulur.
Strategiya Azərbaycanın Paris Sazişi çərçivəsində qlobal iqlim
səylərinə töhfəsini və uzunmüddətli inkişaf istiqamətlərini
beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, tərəfdaşlar və
investorlar üçün ölkənin prioritetlərini daha aydın və şəffaf
şəkildə ortaya qoyacaq.
Strategiya COP29 çərçivəsində önə çəkilən iqlim hədəflərinin
konkret fəaliyyətə çevrilməsi yanaşmasını milli səviyyədə davam
etdirir. Bakıda iqlim maliyyəsi üzrə əldə olunmuş razılaşmalar və
iqlim diplomatiyası çərçivəsində davam etdirilən beynəlxalq dialoq
strategiyanın icrası üçün maliyyə və texnologiyalara çıxışın
yaxşılaşdırılması, eləcə də tərəfdaşlıq imkanlarının
genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Sənəddə vurğulanır ki, 2060-cı il hədəfinə çatmaq üçün
beynəlxalq maliyyə dəstəyi, qabaqcıl texnologiyalara çıxış və
onların ötürülməsi, güzəştli kreditlər, qrantlar və özəl
investisiyalar mühüm əhəmiyyət daşıyır.
Keçidin uğuru həm də mütəxəssislərin hazırlanmasından, yeni
bacarıqların inkişafından və cəmiyyətin iştirakından asılı
olacaq.
Strategiyanın məqsədlərini ictimaiyyətə açıqlamaq üçün elmi
müəssisə və təşkilatların, vətəndaş cəmiyyəti institutlarının
iştirakı ilə ictimai təqdimatların təşkili nəzərdə tutulur.

