
Bakı. Trend:
Vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar
terrorçuluğu maliyyələşdirmə cinayəti törətdikdə hüquqi şəxsə onun
maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq
cinayət-hüquqi tədbirlər tətbiq ediləcək.
Trend-in
tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü
plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Cinayət Məcəlləsinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi
tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının
qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən
cinayətlərə görə tətbiq edilir:
- hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli
şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik
olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik
olan vəzifəli şəxs;
Qanun layihəsinə əsasən, hüquqi şəxs tərəfindən maliyyə
əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş
qaydada təşkil edilməməsi nəticəsində yuxarıda nəzərdə tutulmuş
vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar
terrorçuluğu maliyyələşdirmə cinayəti törətdikdə hüquqi şəxsə
cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və
ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq
tətbiq ediləcək.
Layihə ilə hüquqi şəxslərin terrorizmin maliyyələşdirilməsi ilə
əlaqəli əməllərə görə məsuliyyətinin hüquqi əsaslarının
təkmilləşdirilməsi, maliyyə resurslarının terror fəaliyyətinə
yönəldilməsinin qarşısının alınması və belə vəsaitlərə münasibətdə
effektiv cinayət hüquqi tədbirlərin tətbiqi üçün zəruri hüquqi
imkanların yaradılması nəzərdə tutulur.
Təklif olunan tənzimləmə Azərbaycan Respublikasının beynəlxalq
öhdəlikləri və FATF (“Financial Action Task Force”, Çirkli Pulların
Yuyulması üzrə Maliyyə Tədbirləri üzrə İşçi Qrup) standartlarının
məqsəd və tələbləri ilə uzlaşır, eyni zamanda terrorizmin
maliyyələşdirilməsinin qarşısının alınması sahəsində milli hüquqi
mexanizmlərin səmərəliliyinin artırılmasına xidmət edir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.

