Azərbaycanda fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi azalıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma
səviyyəsi son 12 ayda 3,1 faiz bəndi azalaraq 25,7 faizə düşüb.
Qeyri-rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi
isə eyni dövrdə 5,7 faiz bəndi azalaraq 54,6 faiz təşkil edib.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının
(AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə
axşamı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, valyuta bazarında tələb və təklifin
dinamikasında fərqli mənzərə müşahidə olunur. Belə ki, qeyri-nağd
valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir,
nağd valyuta bazarında isə əks vəziyyət qeydə alınır.

“Qeyri-nağd valyuta bazarında il ərzində orta hesabla 70 milyon
dollar təklif olduğu halda, tələb cəmi 15 milyon dollar təşkil
edib”, – deyə T.Kazımov qeyd edib.




AMB sədri bildirib ki, oktyabr ayında keçirilən yeddi valyuta
hərracının beşində ümumiyyətlə tələb qeydə alınmayıb. Digər iki
hərracda isə ümumi tələb cəmi 4,5 milyon dollar olub.

O, nağd valyuta bazarında vəziyyətin fərqli olduğunu vurğulayıb:
“Nağd bazara gəldikdə isə tələb təklifi 759 milyon dollar
üstələyib. Bu da kifayət qədər böyük rəqəmdir”.

T.Kazımov qeyd edib ki, valyuta bazarındakı mövcud vəziyyət və
bank sektorunda dedollarizasiya prosesinin davam etməsi əmanətlərin
strukturunda da özünü göstərir.

“Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi
son 12 ayda 3,1 faiz bəndi azalaraq 25,7 faizə düşüb. Xüsusilə qeyd
etmək istəyirəm ki, qeyri-rezidentlərin əmanətlərində də
dedollarizasiya prosesi davam edir. Son 12 ayda qeyri-rezident
fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 5,7 faiz bəndi
azalaraq 54,6 faizə çatıb”, – deyə AMB sədri bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir