
Bakı.Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya şirkəti “Qazprom”
respublikanın qazlaşdırılması ilə bağlı öhdəliklərini yerinə
yetirməyəcəyi təqdirdə, ölkənin qaz infrastrukturunu yenidən dövlət
nəzarətinə qaytaracağı ilə hədələyib.
Bu barədə “Fargana” məlumat yayıb.
Japarov xatırladıb ki, 2013-cü ildə Qırğızıstanın qaz sistemi
simvolik olaraq 1 dollara “Qazprom”a satılıb.
“Razılaşmada “Qazprom”un bütün ölkənin qazlaşdırılması üçün
vəsait ayırmalı olduğunu nəzərdə tutan bəndlər var. Lakin bu
öhdəliklər indiyədək yerinə yetirilməyib. Artıq iki-üç ildir
deyirəm ki, bunu etməsəniz, “Kumtor” kimi geri qaytaracağam və işi
özüm görəcəyəm”, – deyə prezident bildirib.
“Qazprom Qırğızıstan” şirkətində gecikmələri qaz kəmərinin
ötürücülük qabiliyyətinin məhdud olması və infrastrukturun
modernləşdirilməsinə ehtiyacla izah ediblər. Şirkətin məlumatına
görə, 2030-cu ilədək ölkədə qazlaşdırma səviyyəsinin 60 faizə
çatdırılması planlaşdırılır.

