
Bakı. Trend:
Norveçin Akershus bölgəsinin Vestbü kommunasında yerləşən
quşçuluq fermasında quş qripinin yayılması qeydə alınıb.
Bununla əlaqədar 13 min baş ev quşu məhv edilməlidir. Bu barədə
Norveçin Qida Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Yoluxmuş təsərrüfatın ətrafında üç kilometr radiusda mühafizə
zonası, on kilometr radiusda isə müşahidə zonası qurulub. Həmin
ərazilərdə quşların saxlanılması və daşınmasına ciddi
məhdudiyyətlər tətbiq olunub.
Mütəxəssislər hazırkı yoluxma halının ötən həftə Ruqaland
bölgəsinin Klepp kommunasında aşkar edilmiş xəstəliklə əlaqəli
olub-olmadığını araşdırırlar. Həmin vaxt quş qripi səbəbindən 7,5
min toyuğun məhv edilməsinə ehtiyac yaranmışdı.
Hakimiyyət orqanları quşçuluq təsərrüfatlarının sahiblərini
biotəhlükəsizlik tədbirlərini gücləndirməyə və quşlarda şübhəli
simptomlar aşkarlandıqda dərhal məlumat verməyə çağırırlar.
Aşkar edilmiş virus quşlarda ağır xəstəliklərə və kütləvi ölümə
səbəb ola bilən yüksək patogenli ştammlara aiddir. Bununla belə,
Norveç mütəxəssislərinin qiymətləndirməsinə görə, insanların
yoluxma riski son dərəcə aşağı olaraq qalır.

