
Bakı. Trend:
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi
əməkdaşlıq çərçivəsində keçirilən “TurAz Qartalı – 2026” birgə
taktiki-uçuş təlimi davam edir.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlim planına uyğun olaraq, müxtəlif epizodlar üzrə qarşılıqlı
fəaliyyət tapşırıqları icra olunur. Türkiyə Hərbi Hava Qüvvələrinə
(HHQ) məxsus Sikorsky S-70 helikopteri vasitəsilə radioelektron
mübarizə (REM) tədbirləri yerinə yetirilərək şərti düşmənin yerüstü
radioelektron vasitələri susdurulub. Eyni zamanda, Azərbaycan
HHQ-nə məxsus Mi-17 helikopteri ilə şərti hədəflərin aşkar edilməsi
və məhv olunması üzrə tapşırıqlar uğurla icra edilib.
Təlimin keçirilməsində əsas məqsəd qardaş ölkələrin HHQ-ləri
arasında birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətin
peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsinin
genişləndirilməsidir.

