
Bakı. Trend:
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası
Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə fəal
iştirakının daha bir mühüm göstəricisi kimi diqqət çəkir. COP29-dan
sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbir olan
WUF13 həm iştirakçı sayına, həm də müzakirə olunan məsələlərin
əhatə dairəsinə görə xüsusi əhəmiyyət daşıyır. Prezident İlham
Əliyev açılış mərasimində çıxışı zamanı rekord sayda iştirakçının
Bakıya gəlməsini vurğulayaraq, Azərbaycanın artıq beynəlxalq
tədbirlərin etibarlı ünvanına çevrildiyini bir daha diqqətə
çatdırdı.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi heç də
təsadüfi seçim deyil:
“Son illərdə Azərbaycanın şəhərsalma siyasətində həyata
keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət beynəlxalq təşkilatların
da diqqətini cəlb edib. Paytaxt Bakının simasında qədimliklə
müasirliyin harmoniyası aydın görünür. Tarixi İçərişəhərin
qorunması ilə yanaşı, şəhərin müasir memarlıq layihələri əsasında
inkişaf etdirilməsi Azərbaycanın milli irsə münasibətinin
göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu
yanaşma ulu babalarımızdan gələn memarlıq ənənələrinin müasir
baxışla birləşdirilməsinin nəticəsidir. Forum çərçivəsində işğaldan
azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və şəhərsalma
siyasətinin beynəlxalq auditoriyaya təqdim olunması da xüsusi
əhəmiyyət daşıyır. UN-Habitat ilə birgə keçirilmiş Milli Şəhərsalma
forumları, Ağdam, Zəngilan və Xankəndidə keçirilmiş tədbirlər
Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi quruculuq
modelinin mühüm elementidir. Uzun illər işğal nəticəsində
dağıdılmış şəhərlərin müasir urbanizasiya prinsipləri əsasında
yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, həm də milli
yaddaşın və tarixi kimliyin bərpasıdır. Bu gün Azərbaycan
şəhərsalma sahəsində yalnız region üçün deyil, daha geniş coğrafiya
üçün nümunəvi təcrübə formalaşdırır. “Ağıllı şəhər” və “yaşıl
enerji” konsepsiyalarının Qarabağ və Şərqi Zəngəzurda tətbiqi
ölkənin gələcəyə hesablanmış inkişaf strategiyasını əks etdirir.
Prezident İlham Əliyevin çıxışında növbəti nəsillər qarşısında
məsuliyyət məsələsinə toxunması da təsadüfi deyildi. Tarixi və
memarlıq irsinin qorunması dövlət siyasətinin mühüm
istiqamətlərindən biri kimi təqdim olunur. Bütün bunlar göstərir
ki, Azərbaycan yalnız iqtisadi və siyasi baxımdan deyil, həm də
şəhərsalma və mədəni irsin qorunması sahəsində qlobal
platformalarda söz sahibi olan ölkəyə çevrilir. WUF13 isə bu
reallığın beynəlxalq miqyasda təsdiqi kimi qiymətləndirilə
bilər”.

