
Bakı.Trend:
Son illərdə Orta Dəhliz Asiya ilə Avropa arasında mühüm
nəqliyyat arteriyasına çevrilib və Mərkəzi Asiya ölkələri,
beynəlxalq yükdaşıyanlar və logistika operatorları tərəfindən ona
maraq əhəmiyyətli dərəcədə artıb.
Trend xəbər verir
ki, bu barədə MSC (Mediterranean Shipping Company) şirkətinin
Azərbaycan üzrə meneceri Hüseyn Ramazanov Bakıda keçirilən 2-ci
Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda
bildirib.
Onun sözlərinə görə, Çin və Avropanı Qazaxıstan, Xəzər dənizi,
Azərbaycan və Gürcüstan vasitəsilə birləşdirən marşrut son illərdə
mühüm dəyişikliklərə məruz qalıb və hazırda region ölkələri, eləcə
də beynəlxalq biznes dairələri tərəfindən getdikcə daha çox diqqət
cəlb edir.
Ramazanov qeyd edib ki, Mərkəzi Asiya ölkələri Orta Dəhlizi
ixracın inkişafı və qlobal bazarlara çıxış imkanlarının
genişləndirilməsi üçün mühüm alət kimi qiymətləndirirlər.
O vurğulayıb ki, marşrutun potensialının daha da
reallaşdırılması üçün nəqliyyat proseslərinin təkmilləşdirilməsi,
multimodal daşımaların inkişaf etdirilməsi, logistikanın
rəqəmsallaşdırılması və nəqliyyat zəncirinin bütün iştirakçıları
arasında əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində
işlərin davam etdirilməsi zəruridir
Qeyd edək ki, 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və
Logistika Forumunda Bakıda keçirilən TransLogistica Caspian 2026
sərgisi çərçivəsində təşkil olunub və dövlət qurumlarının,
beynəlxalq təşkilatların və aparıcı nəqliyyat-loqistika
şirkətlərinin nümayəndələrini bir araya gətirir.

