Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyin 2020-ci il tarixdə imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncama uyğun olaraq, iyulun 17-də Jurnalistika fakültəsi media nümayəndələri ilə birlikdə “Jurnalistikanın müasir problemləri” mövzusunda onlayn Beynəlxalq elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan moderator, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkə başçısı cənab İlham Əliyevin 30 iyun 2020-ci il tarixli “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ilə əlaqədar BDU-da keçiriliməsi nəzərdə tutulan tədbirlər planı barədə məlumat verib. Sonra giriş sözü üçün BDU-nun rektoru Elçin Babayevə söz verilib.
BDU-nun rektoru Elçin Babayev iştirakçıları salamlayaraq iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmə cəhdini Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mane olmaq cəhdi kimi qiymətləndirib. Düşmən tərəfinin atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozması nəticəsindı şəhidlərimizin olduğunu bildirən rektor, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin şəhidlərimizin qısasının alındığı fikrini konfrans iştirakçılarının bir daha nəzərinə çatdırıb.
Cəmiyyət həyatında xüsusi yer tutan kütləvi informasiya vasitələrinin (KİV) roluna diqqət çəkən E.Babayev əlavə edib ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olub. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda medianın inkişafında önəmli ölçüdə irəliləyiş baş verib. KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində mümkün olub. Ulu Öndər kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, media sahəsində də inkişaf və tərəqqi əldə edilib.