Tehranın Baharestan rayonunda ölənlərin sayı 15 nəfərə yüksəlib

Baş səhifə

Bakı. Trend:

Ötən gecə ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları
fonunda İranın Tehran vilayətinin Baharestan rayonunda ölənlərin
sayı 15 nəfərə yüksəlib.

Trend-in
məlumatına görə, bunu İranın Baharestan rayonunun qubernatoru
Əbdülhəmid Şərəfi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanada 7 yaralı müalicə
olunmaqdadır. Qalan yaralılar isə ambulator müalicədən sonra
buraxılıb.




Şərəfi bildirib ki, ABŞ və İsrailin hava hücumları nəticəsində 4
yaşayış binası tamamilə dağılıb və 40-dan çox mənzilə və minik
avtomobillərinə ziyan dəyib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir