Vyetnam kinosunun əsasını qoyan azərbaycanlı rejissor (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sovet dövründə Azərbaycanda hind filmləri ilə yanaşı, Vyetnam
filmləri də maraqla izlənilirdi. Təbii ki, bunun ilk səbəbi Vyetnam
xalqının müstəqil dövlət qurmaq uğrunda apardığı mübarizəyə
sevgidən doğurdu. Amma çoxları bilmir ki, Vyetnamda
kinematoqrafiyanın əsası azərbaycanlı kinorejissor, SSRİ xalq
artisti Əjdər İbrahimov tərəfindən qoyulub. Bəs bu hadisə necə baş
vermişdi?

1958-ci ildə Əjdər İbrahimov İmran Qasımovun ssenarisi əsasında “Onun böyük ürəyi” filmini çəkmişdi. Film Sumqayıt haqqında, burada
gedən nəhəng quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən
müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilirdi. Burada
rejissor özü də Rəsulov rolunda çəkilmişdi. Bu filmə tamaşa edən
Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına
müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının
formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini
xahiş etmişdilər.

Əjdər İbrahimov 1959-1962-ci illərdə müasir Vyetnamın banisi Ho
Şi Minin dəvəti və SSRİ hökumətinin təklifi ilə Vyetnamda
yaşamışdı. Onun məhsuldar fəaliyyəti nəticəsində Vyetnam kino
məktəbi yaradılmış, 3 film çəkilmiş və Vyetnam haqqında bir neçə
kitab yazılaraq çap edilmişdi.




Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzərək, bu xalqı və
onun adət-ənənələrini öyrənmiş, kino məktəbi üçün uşaqlar topladı.
Hanoyda açılan kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi.
Seçmə yolu ilə bu məktəbə 53 nəfər tələbə qəbul olundu. Təhsildən
sonra onların hamısına — Vyetnamın ilk peşəkar kinoaktyor və
rejissorlarına diplomlar verilmişdi. Beləliklə, 1959–1962-ci
illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli
aktyor və rejissor kadrlarının hazırlanması azərbaycanlı
kinorejisrroun rəhbərliyi və iştirakı ilə baş tutmuşdu. Əjdər
İbrahimovun bədii rəhbərliyi ilə “İki əsgər”, “Acgöz quş”, “Bir
payız günündə” filmləri çəkilmişdi. Artıq Vyetnamın öz kinosu
yaradılırdı.

Bakıya qayıtdıqdan sonra Əjdər İbrahimov “Vyetnamda gördüklərim”
(1964), “Günəş ağlayır” (1971), “Döyüşən Vyetnamın kino sənəti”
(1968) və “Tai qəbiləsindən olan qız” (1970) kitablarını qələmə
almışdı.

Təsadüfi deyil ki, Vyetnam xalqının Azərbaycana sevgisində Əjdər
İbrahimovun da rolu hər zaman xatırlanır. Rejissorun “Vyetnamda
gördüklərim” adlı kitabı Azərbaycanın Vyetnamdakı səfirliyinin
təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə
vyetnam dilinə tərcümə olunub və yaxın günlərdə təqdimat mərasimi
keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir