Bakı. Trend:
Avropa İttifaqı ilə Ermənistan arasında nəqliyyat sahəsində
əməkdaşlığı nəzərdə tutan mülahizə və iddialar mənə məşhur bir
deyimi xatırladır: “Əgər arxana lələk yapışıbsa, bu o demək deyil
ki, sən Simurq quşusan”. Görünən odur ki, “toyuq” və ya “xoruz
lələkləri” bəzi Avropa siyasətçilərinin “arxaları” ilə yanaşı,
gözlərinə “yapışıb” və gözlə görülə biləcək reallıqları belə görə
bilmirlər.
Maraqlıdır, görəsən, Avropa siyasətçiləri Aİ-nin Ermənistanla
nəqliyyat sahəsində əməkdaşlıqlarını necə təsəvvür edirlər? Bəlkə,
iddialarını İran vasitəsilə həyata keçirəcəklər? Bəlkə, yerin
altından Avropaya qədər lağım atacaqlar? Qəribə və istehzadan başqa
heç nəyin hədəfinə gəlməyən bir məntiqi var bəzi avropalıların.
Görmədikləri reallıqları başqalarının da görmədiyini düşünürlər.
Bir müddət öncə Zəngəzur dəhlizinə qarşı “sülh kəsişməsi” adlı
girişi-çıxışı olmayan bir layihə ötürmüşdülər gündəmə… Bizə görə,
sülhü bağlayırlar, əldə edirlər, lap uzağa getsək, qazanırlar, amma
onlara görə sülh haradasa, gizli, qaranlıq bir ortamda kiminləsə
“görüşür”, sonra isə “kəsişir”.
Hətta Ermənistan mediası belə Aİ-nin Ermənistanla nəqliyyat və
energetika sahəsindəki əməkdaşlığı barədə absurdnamələrini məşhur
aktrisa Faina Ranevskayanın adına yozulan bir deyimlə bəzəyir: “Ən
gözəl tovuzquşu quyruğunun altında belə ən adi toyuq arxası
gizlənir. Beləliklə, pafoslu azaldın, cənablar”.

Amma çətin… Pafos azalmayacaq və verilən vədlər də pafosdan o
yana keçməyəcək. Qışda isinmək üçün qapımızda təbii qaz üçün
növbəyə duracaq, yaz gələr-gəlməz isə İrəvandan, yaxud başqa bir
döngə və ya dalandan havaya sabun köpükləri buraxacaqlar. Bu,
onların bacardıqları ən yaxşı işdir.
Maraqlıdır, görəsən Ermənistanla energetika sahəsində necə
əməkdaşlıq edəcəklər? Bəlkə enerji sürüngəni Metsamor AES-i
“Rosatom”dan alıb “lələk” taxacaqlar? Enerji sahəsində Aşotun
daxmasından Aramın evinədək ucana biləcək paslı borudan başqa
Ermənistanın enerji sahəsində hansı perspektivi var, görəsən?
Verilən vədlərin arasında ən real olanı viza rejiminin
sadələşdirilməsi ilə bağlıdır. Nə üçün sadələşdirdikləri də
aydındır. Məlum səbəblərə görə Ermənsitan vətəndaşları şimal
istiqamətində mövsümi işlərə gedə bilmədiklərindən şikayətlənirlər.
Əslində bu vədin də perspektivi aydındır: Ucuz işçi qüvvəsinə
ehtiyac var.
Bütövlükdə isə Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən
sammiti şəkillərlə yadda qaldı. Gəldilər, seçkiöncəsi dəstəklərini
bəyan etdilər, çoxlu şəkil çəkdirdilər və getdilər…
Elçin Mirzəbəyli,
Milli Məclisin deputatı

