
Bakı. Trend:
“Russia & Islamic World Cooperation Expo 2026” sərgisində təşkil
olunan “Made in Azerbaijan” stendində məhsul və xidmətlər təqdim
olunub, ölkəmizin beynəlxalq ticarət və investisiya imkanları,
əlverişli biznes mühiti haqqında məlumat verilib.
Trend xəbər
verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və
İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə
Azərbaycan məhsulları Tatarıstanın Kazan şəhərində keçirilən
“Russia & Islamic World Cooperation Expo 2026” sərgisində “Made in
Azerbaijan” vahid ölkə stendində təqdim olunub.
Stenddə Azərbaycanın kənd təsərrüfatı, sənaye və tikinti
sektorlarını əhatə edən müxtəlif məhsul və xidmətlər nümayiş
etdirilib. Ölkəmizin şirkətləri tərəfindən meyvə, çay, ədviyyat,
zəfəran, fındıq, qənnadı məhsulları, şirələr, konserv məhsulları və
mürəbbə daxil olmaqla geniş çeşiddə ərzaq məhsulları və gündəlik
tələbat malları, həmçinin Xəzər dənizi sahilində yaşayış, istirahət
və investisiya üçün müasir infrastruktura malik genişmiqyaslı
şəhər-kurort layihəsi sərgi iştirakçılarına təqdim edilib. Stenddə
Azərbaycanın əlverişli investisiya imkanları, biznes mühiti və
ixrac potensialı barədə çap materialları, yerli şirkətlərin
fəaliyyətini əks etdirən videoçarxlar nümayiş edilib.
Qeyd edək ki, Tatarıstanda səfərdə olan Baş nazirin müavini
Şahin Mustafayevin rəhbərlik etdiyi dövlət rəsmilərindən ibarət
Azərbaycan nümayəndə heyəti, eləcə də Tatarıstan Respublikasının
Rəisi Rüstəm Minnixanov və digər rəsmi şəxslər Azərbaycan stendi
ilə tanış olublar.

