İİB Azərbaycanla əməkdaşlığı dərinləşdirəcək –

Baş səhifə

İslam İnkişaf Bankı (İİB) Qrupu Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində və ölkənin milli prioritetlərinin həyata keçirilməsinə dəstəyini davam etdirmək niyyətindədir.

Metbuat.az xəbər verir ki, bu barədə İİB Qrupunun prezidenti Məhəmməd Əl Casser Bakıda keçirilən İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunmuş yekun mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İİB Qrupu 1992-ci ildən etibarən infrastruktur, enerji, kənd təsərrüfatı, sosial xidmətlər və regional əlaqəlilik sahələrində möhkəm tərəfdaşlıq qurub. Bu il keçirilən toplantılar çərçivəsində Qarabağ Suvarma Kanalı layihəsi üzrə 436 milyon ABŞ dolları dəyərində saziş, həmçinin ölkə üzrə hərtərəfli əməkdaşlıq çərçivəsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, Abşeron yarımadasında 33 yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı da memorandum imzalanıb.

Məhəmməd Əl Casser bildirib ki, İİB Azərbaycanın regional bazarları və xalqları birləşdirən strateji körpü rolunun daha da güclənməsini dəstəkləməyə hazırdır.

O qeyd edib ki, builki İllik Toplantılar çərçivəsində 78 ölkədən 4 400-dən çox iştirakçı, eləcə də 46 beynəlxalq qurum rəhbəri bir araya gəlib. Tədbirlər zamanı ticarət, nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, islam maliyyəsi, özəl sektorun inkişafı, iqlim gündəliyi və rəqəmsal transformasiya məsələləri müzakirə olunub.

İİB Qrupunun rəhbərinin sözlərinə görə, toplantılar çərçivəsində 10 üzv ölkə, regional təşkilatlar və özəl sektor şirkətlərini əhatə edən ümumi dəyəri 6 milyard ABŞ dolları olan 67 saziş imzalanıb. Bank, həmçinin üzv ölkələrdə nəqliyyat, enerji, ərzaq sistemləri və iqlim dayanıqlığını əhatə edən doqquz layihə üçün ümumilikdə 2,8 milyard ABŞ dolları həcmində yeni maliyyələşdirməni təsdiqləyib.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir