
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq
Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının
20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler ilə
görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.
Görüşdə Parlament İttifaqının təşkilata üzv ölkələrin
qanunvericilik orqanları arasında münasibətlərin daha da
dərinləşdirilməsi və bir sıra mühüm məsələlərin müzakirəsi
baxımından əlverişli platforma olduğu bildirilib. Eyni zamanda,
konfransın Milli Məclisin evsahibliyi ilə yüksək səviyyədə təşkil
olunduğu qeyd edilib.
Tərəflər həmçinin parlamentlərimiz arasında münasibətlərə dair
fikir mübadiləsi aparıblar. Spiker Sahibə Qafarova qonaqla bundan
öncəki görüşünü məmnunluqla xatırlayaraq, həm parlament sədrləri,
həm də deputatlar arasında mövcud olan təmasların, qarşılıqlı səfər
və görüşlərin əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini
bildirib.
Görüşdə parlamentlərdə mövcud olan dostluq qruplarının
əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub,
həmçinin Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə
Respublikası Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti
Məclisinin dostluq qruplarının üçtərəfli formatda görüşlərinin
keçirilməsi də təqdirəlayiq addım kimi qiymətləndirilib.
Söhbət zamanı Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan
Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi
dəstək yüksək qiymətləndirilib. Şimali Kipr Türk Cümhuriyyəti
Məclisinin sədri dəstəyə görə ölkəmizə təşəkkür edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.

