
Bakı. Trend:
Azərbaycan Respublikasında rəqəmsal transformasiya artıq yalnız
texnoloji yenilənmə məsələsi deyil, dövlət idarəçiliyinin, iqtisadi
inkişafın, milli təhlükəsizliyin və strateji dayanıqlığın əsas
istiqamətlərindən birinə çevrilib. Məhz bu baxımdan, 2026-cı il
iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk
iclasının keçirilməsi xüsusi siyasi və institusional əhəmiyyət
daşıyır. Bu iclas təkcə yeni bir idarəetmə mexanizminin fəaliyyətə
başlaması deyil, həm də Azərbaycanın rəqəmsal dövrdə təhlükəsizlik,
suverenlik və idarəetmə modelini daha müasir əsaslar üzərində
qurmaq iradəsinin nümayişidir.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 27 fevral 2026-cı il
tarixli Fərmanı ilə Azərbaycanda rəqəmsallaşma, elektron hökumət,
süni intellekt və innovasiya sahələrində fəaliyyətin
təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf Şurası yaradılıb. Şuranın yaradılması göstərir ki, dövlət
rəqəmsal inkişafı ayrıca texniki sahə kimi deyil, milli inkişaf
strategiyasının və dövlət təhlükəsizliyinin mühüm tərkib hissəsi
kimi qiymətləndirir. İyunun 29-da keçirilən ilk iclas isə bu
strateji xəttin praktik mərhələyə keçdiyini göstərdi.
Bu proseslərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın rolu ayrıca vurğulanmalıdır. İlk növbədə, onun Rəqəmsal
İnkişaf Şurasına rəhbərlik etməsi bu məsələnin dövlət siyasətində
nə qədər yüksək prioritet daşıdığını nümayiş etdirir. Birinci
vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi rəqəmsal inkişaf
prosesinə həm siyasi legitimlik, həm də institusional çeviklik
qazandırır. O, illərdir Azərbaycanın humanitar, sosial, mədəni və
beynəlxalq təşəbbüslərində yüksək idarəçilik keyfiyyəti nümayiş
etdirən dövlət xadimi kimi tanınır. İndi isə həmin idarəçilik
təcrübəsi rəqəmsal transformasiya və milli təhlükəsizliklə bağlı
yeni mərhələyə yönəldilir.
Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə rolu
yalnız iclasa sədrlik etməklə məhdudlaşmır. Onun çıxışında səslənən
fikirlər göstərir ki, söhbət rəqəmsal inkişafı milli maraqlara
uyğun, sistemli və məqsədyönlü şəkildə idarə etməkdən gedir.
Xüsusilə beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, qərarların
Azərbaycanın milli maraqları və ehtiyacları əsasında qəbul
edilməsinin vurğulanması olduqca mühüm mesajdır. Bu yanaşma onu
göstərir ki, Azərbaycan rəqəmsal modernləşməni kor-koranə kopyalama
yolu ilə deyil, öz dövlətçilik maraqlarına uyğunlaşdırılmış model
əsasında qurmaq niyyətindədir. Məhz burada Birinci vitse-prezident
Mehriban Əliyevanın siyasi uzaqgörənliyi və dövlətçilik məsuliyyəti
ön plana çıxır.
Birinci vitse-prezident Mehriban Əliyevanın prosesdəki rolunun
digər mühüm tərəfi rəqəmsal inkişafın insan yönümlü xarakterinin
qorunmasıdır. Rəqəmsallaşma yalnız texnologiyanın tətbiqi deyil;
bu, vətəndaş-məmur münasibətlərinin dəyişməsi, dövlət xidmətlərinin
sadələşməsi, şəffaflığın artması, sosial xidmətlərə çıxışın
genişlənməsi və nəticədə vətəndaş məmnunluğunun yüksəlməsi
deməkdir. Birinci vitse-prezident Mehriban Əliyevanın sosial
məsələlərə həssas münasibəti və humanist idarəçilik üslubu bu
prosesin yalnız texniki deyil, həm də sosial cəhətdən balanslı
aparılmasına əlavə təminat verir.
Rəqəmsal İnkişaf Şurasının ölkənin təhlükəsizlik sistemində rolu
xüsusilə böyükdür. Müasir dünyada təhlükəsizlik anlayışı artıq
yalnız sərhədlərin qorunması, hərbi güc və hüquq-mühafizə
tədbirləri ilə məhdudlaşmır. Kiberhücumlar, informasiya müharibəsi,
dövlət məlumat bazalarına müdaxilə, rəqəmsal infrastrukturun iflic
edilməsi cəhdləri, dezinformasiya kampaniyaları və süni
intellektdən qaynaqlanan yeni risklər təhlükəsizlik sisteminin
mahiyyətini köklü şəkildə dəyişib. Bu şəraitdə rəqəmsal
təhlükəsizlik dövlət təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilir.
Şuranın fəaliyyət istiqamətlərində kibertəhlükəsizlik, süni
intellektin idarə olunması, dövlət informasiya resurslarının
qorunması, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və vahid
rəqəmsal idarəetmə modelinin qurulması kimi məsələlərin yer alması
təsadüfi deyil.
Birinci iclasda səslənən məqamlar da göstərdi ki, qarşıdakı
illər üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və
innovasiya sahələrini əhatə edən konkret yol xəritəsi
müəyyənləşdirilib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyevin təqdim etdiyi məlumata əsasən, 2026–2028-ci illər üzrə
Fəaliyyət Planı 58 təşəbbüsü əhatə edir. Bu təşəbbüslər təkcə
xidmətlərin elektronlaşdırılmasına yox, həm də dövlətin
çevikliyinin, təhlükəsizlik dayanıqlığının və qərarvermə
keyfiyyətinin artırılmasına hesablanıb. Başqa sözlə, burada söhbət
sadəcə “rəqəmsal rahatlıqdan” deyil, daha güclü, daha çevik və daha
müdafiəli dövlət modelinin formalaşdırılmasından gedir.
Bu gün Azərbaycan postmüharibə dövrünün yeni inkişaf
mərhələsindədir. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”,
“ağıllı kənd”, rəqəmsal idarəetmə və müasir infrastruktur
layihələri həyata keçirilir. Dövlət idarəçiliyinin
modernləşdirilməsi, iqtisadiyyatın innovativ əsaslara keçirilməsi
və təhlükəsizlik sisteminin yeni risklərə uyğunlaşdırılması
bir-biri ilə sıx bağlı proseslərdir. Rəqəmsal İnkişaf Şurası məhz
bu böyük transformasiyanın koordinasiya mərkəzi kimi çıxış edir.
Şuranın ilk iclası göstərdi ki, Azərbaycan bu istiqamətdə epizodik
addımlarla deyil, aydın strategiya, siyasi iradə və güclü
institusional çərçivə ilə irəliləyir.
Əminə Ağazadə
Milli Məclisin deputatı

