Visa Azərbaycanda yeni ödəniş texnologiyalarının daha geniş tətbiqini gözləyir

Baş səhifə

PARİS /Trend/ — Visa Azərbaycanda yeni ödəniş texnologiyalarının
daha geniş tətbiqini gözləyir.

Bunu Trend-ə Parisdə Visa Ödəniş Forumunun informasiya sessiyası
çərçivəsində eksklüziv müsahibəsində Visa şirkətinin Mərkəzi
Avropa, Yaxın Şərq və Afrika (CEMEA) regionu üzrə kommersiya
ödənişləri və pul köçürmələri həlləri departamentinin rəhbəri, baş
vitse-prezidenti Şahbaz Xan deyib.

Onun sözlərinə görə, Visa şirkətlərin ödənişləri qəbul etməsi və
həyata keçirməsi ilə bağlı yanaşmaları yenidən nəzərdən keçirməyə
və dəyişdirməyə çalışır.

“Bu prosesi daha innovativ etmək barədə düşündükdə, ilk növbədə
istifadəçiləri yeni həllərə qoşmağın ən sadə yolunu axtarırıq.
Məqsədimiz B2B ödənişlərini istehlakçı ödənişləri qədər sadə və
rahat etməkdir. İstehlakçılar artıq rəqəmsal ödənişlər və mobil
bank tətbiqləri üçün smartfonlardan istifadə etməyə öyrəşiblər.
Xüsusilə Azərbaycan kimi bazarlarda istifadəçilər fiziki şəxslər
arasında pul köçürmələrini (P2P) də rahat şəkildə həyata
keçirirlər, çünki müvafiq infrastruktur yaxşı inkişaf edib. Biz bu
tanış istifadəçi təcrübəsini B2B ödənişləri sahəsinə də gətirmək
istəyirik”, – deyə o bildirib.

Şahbaz Xan qeyd edib ki, bu istiqamətdə əsas alətlərdən biri Tap
to Phone texnologiyasıdır. Bu texnologiya adi smartfondan
kontaktsız ödənişlərin qəbulu üçün terminal kimi istifadə etməyə
imkan verir.

“Əvvəllər kiçik biznes üçün əsas problemlərdən biri POS-terminal
almaq zərurəti idi. İndi isə adi smartfon kifayətdir – satıcılar
ödənişləri birbaşa öz cihazlarında qəbul edə bilirlər”, – deyə Visa
nümayəndəsi vurğulayıb.

Şahbaz Xanın sözlərinə görə, sahibkarlar artıq banka qoşulmaq
üçün uzun prosedurlardan keçmək əvəzinə sadəcə tətbiqi yükləyib
Visa Accept platformasında qeydiyyatdan keçə bilərlər. Bu platforma
həm müştəri ilə birbaşa təmas zamanı, həm də ödəniş linki
göndərməklə məsafədən ödənişlərin qəbuluna imkan yaradır.

“Ödənişlərin həyata keçirilməsi üçün biz kommersiya kartları
əsasında həllər təklif edirik. Bu həllər şirkətlərə istehlakçı və
korporativ ödənişləri ayırmağa kömək edir. Eyni zamanda, onlar
əməliyyatlar barədə geniş məlumat təqdim edir ki, bu da biznesə
debitor və kreditor borclarını izləməyə və pul axınlarını daha
səmərəli idarə etməyə imkan verir.

Bundan başqa, Visa Direct xidmətimiz var. Bu xidmət artıq
Azərbaycanda və MDB ölkələrinin digər bazarlarında yaxşı inkişaf
edib. Onun vasitəsilə şirkətlər əməkdaşlara, podratçılara və ya
rəqəmsal kontent yaradıcılarına ödənişləri birbaşa bank
hesablarına, ödəniş kartlarına və ya rəqəmsal pul kisələrinə
göndərə bilirlər. Visa Direct 12 milyard ödəniş nöqtəsinə çıxış
təmin edir ki, bu da şirkətlərə B2B köçürmələrini həyata keçirməyə
imkan verir. Beləliklə, biz ödəniş prosesinin hər iki tərəfini
əhatə edərək biznes üçün həm ödənişlərin qəbulu, həm də həyata
keçirilməsi üzrə innovativ üsulların tətbiqini xeyli
asanlaşdırırıq”, – deyə Visa-nın baş vitse-prezidenti bildirib.

Şahbaz Xanın sözlərinə görə, Mərkəzi Avropa, Yaxın Şərq və
Afrika (CEMEA) regionunda Tap to Phone texnologiyasından
istifadənin orta artım tempi təxminən 200 faiz təşkil edir.

“Bəzi bazarlarda artım daha sürətlidir, çünki texnologiya orada
daha əvvəl istifadəyə verilib. Digər bazarlarda isə tətbiq daha gec
başladığından yayılma prosesi bir qədər ləng gedir. Bununla belə,
bizi ruhlandıran məqam ondan ibarətdir ki, demək olar hər yerdə
sürətli artım müşahidə edirik. Rəqəmsal ödənişlərin nüfuzetmə
səviyyəsinin əvvəlcə aşağı olduğu bəzi bazarlarda dinamika daha da
təsirli olub.

Azərbaycanda rəqəmsal ödənişlər artıq geniş yayılıb. Buna
baxmayaraq, belə vacib və effektiv məhsulu bazara çıxararkən onun
bu qədər yüksək səviyyədə mənimsənilməsini görmək bizim üçün çox
müsbət siqnaldır.

Hazırda diqqətimizi daha çox bank-ekvayerin maarifləndirilməsinə
və qoşulmasına yönəltmişik ki, onlar bu həlli öz müştərilərinə və
ticarət müəssisələrinə təklif edə bilsinlər. Biz onlarla çox sıx
əməkdaşlıq edirik ki, hazırladığımız texnoloji həllər onların
sistemlərinə asanlıqla inteqrasiya olunsun. Bunun üçün proqram
təminatının hazırlanması dəstləri (SDK) və tətbiqi proqramlaşdırma
interfeysləri (API) təqdim edirik. Bu alətlər həllərimizin onların
rəqəmsal xidmətlərinə maksimum sürətlə inteqrasiya olunmasına imkan
yaradır. Məhsullarımızın daha geniş yayılması üçün
tərəfdaşlarımızla sıx əməkdaşlığı davam etdirəcəyik”, – deyə o
əlavə edib.

Şahbaz Xanın fikrincə, süni intellekt öz biznesini qurmaq üçün
maneələri azaltdıqca rəqəmsal ödənişlərin əhəmiyyəti daha da
artacaq.




“Bu gün tez-tez qeyd olunur ki, süni intellektin inkişafı
sayəsində dünyanın istənilən nöqtəsində sadəcə noutbuk və internet
bağlantısı ilə biznes qurmaq mümkündür. Yeni layihələrə başlayanlar
– istər rəqəmsal kontent yaradıcıları, istər podratçılar, süni
intellekt üzrə mütəxəssislər və ya sahibkarlar olsun – üçün
rəqəmsal ödənişlər həlledici rol oynaya bilər.

Biz əminik ki, rəqəmsal ödəniş üsullarını tətbiq edən şirkətlər
daha çox müştəri qazanır və müştəri bazalarını əhəmiyyətli dərəcədə
genişləndirirlər. Onlar artıq yalnız yerli bazarla məhdudlaşmır və
bütün dünyadan müştərilərlə işləyə bilirlər. Əgər bu gün biznes
qurmaq xeyli asanlaşıbsa, onun inkişafı üçün lazım olan ödəniş
həllərinə qoşulmaq da eyni dərəcədə sadə olmalıdır. Bizim
səylərimiz məhz buna yönəlib – rəqəmsal ödənişlərə qoşulma
prosesini istifadəçilər üçün maksimum rahat və anlaşılan etmək.

Daha əvvəl bəhs etdiyim bütün həllər, o cümlədən Tap to Phone və
Visa Accept kimi sərfəli ödəniş qəbul etmə alətləri Mərkəzi Avropa,
Yaxın Şərq və Afrika regionu ölkələri üçün xüsusilə актуaldır.
Statistik məlumatlara görə, regionda təxminən 90 milyon kiçik
biznes və ticarət müəssisəsi hələ də rəqəmsal ödənişləri qəbul
etmir. Bizim həllərimiz onların rəqəmsal ödənişlərə qoşulmasını
mümkün qədər sadə və rahat etməyə yönəlib”, – deyə o bildirib.

Şahbaz Xanın sözlərinə görə, Visa Direct xidmətinin inkişafında
da oxşar müsbət dinamika müşahidə olunur.

“MDB ölkələri bu həllin tətbiqinin xüsusilə sürətlə getdiyi
regionlardan biridir. Bir çox bazarlarda biz yerli xüsusiyyətlərə
uyğunlaşdırılmış daxili P2P köçürmələrini təmin edirik. Bununla
yanaşı, hər bazarın spesifikasına uyğun həllər hazırlayırıq.

Məsələn, Ukrayna, Qazaxıstan və Azərbaycanda sürətləndirilmiş
vəsait qaytarılması xidmətini tətbiq etmişik. Bu xidmət Visa Direct
infrastrukturu vasitəsilə ödəniş etmiş müştərilərə vəsaitlərini
demək olar ki, dərhal bank kartlarına geri almağa imkan verir. Bu
isə unikal və son dərəcə rahat istifadəçi təcrübəsi yaradır.

Yeni bazara daxil olarkən ilk növbədə onun ehtiyaclarını təhlil
edirik. Daha sonra Visa Direct və Visa Accept kimi platformalardan
istifadə etməklə həm istehlakçıların, həm də biznesin
gözləntilərinə maksimum uyğun gələn ödəniş həlləri
hazırlayırıq.

Uzun illər ərzində Visa-nın qlobal kart ödənişləri şəbəkəsini
qurmuşuq. Bu gün isə pul köçürmələri üçün mümkün qədər effektiv
platformanın inkişafına da eyni dərəcədə səy göstəririk. Visa
Direct bank hesabları, ödəniş kartları və rəqəmsal pul kisələri
daxil olmaqla, təxminən 12,5 milyard ödəniş nöqtəsinə çıxış təmin
edir. Platforma 195 bazarda 150 valyuta üzrə əməliyyatları
dəstəkləyir. Bu, onu Visa-nın qlobal ödəniş şəbəkəsinin prinsipləri
əsasında qurulmuş miqyaslana bilən, təhlükəsiz və etibarlı həllə
çevirir.

Visa Direct vasitəsilə həm fiziki şəxslər, həm də şirkətlər
beynəlxalq köçürmələri sürətli, şəffaf və təhlükəsiz şəkildə həyata
keçirə bilirlər. Göndərənin fərdi şəxs və ya şirkət olmasından
asılı olmayaraq, Visa Direct müştərilərə, təchizatçılara və digər
alıcılara vəsaitlərin operativ və təhlükəsiz göndərilməsinə imkan
yaradır”, – deyə Visa-nın baş vitse-prezidenti izah edib.

Azərbaycanda B2B ödənişlərinin inkişaf perspektivlərindən
danışan Şahbaz Xan Tap to Phone texnologiyasının təqdim etdiyi
imkanların daha da geniş yayılacağına əminliyini ifadə edib.

“Biz həmçinin gözləyirik ki, getdikcə daha çox ticarət və xidmət
müəssisəsi öz emitent bankları vasitəsilə Visa Accept proqramına
qoşulacaq. Tap to Phone ilə ödəniş qəbulu və Visa Direct vasitəsilə
köçürmələrin həyata keçirilməsi kimi həllər daha əlçatan olduqca,
onların həm biznes, həm də istehlakçılar tərəfindən fəal şəkildə
tətbiq ediləcəyini gözləyirik.

Bu texnologiyalar şirkətlər üçün həm rəqəmsal ödənişlərin
qəbulunu, həm də həyata keçirilməsini əhəmiyyətli dərəcədə
sadələşdirir. Biz kibertəhlükəsizlik sahəsində qabaqcıl
təcrübələrdən istifadə edir və ödəniş şəbəkəmizin dayanıqlı və
qorunan qalması üçün daim çalışırıq. Bunun üçün böyük həcmdə
vəsait, vaxt və resurs yatırırıq. Süni intellekt texnologiyalarının
daha geniş yayılması ilə biz potensial kibertəhlükələrdən müdafiəni
gücləndirmək üçün süni intellektdən də istifadə edirik. Şəbəkəmizin
təhlükəsiz və etibarlı qalması bizim üçün son dərəcə vacibdir və bu
istiqamətə investisiyaları davam etdirəcəyik.

Biz region üzrə tərəfdaşlarımızla əməkdaşlığı davam etdirərək
yeni texnoloji imkanları tətbiq edəcəyik. Məqsədimiz hər bir yerli
bazarın xüsusiyyətlərini dərindən anlamaq, məhsullarımızı onlara
uyğunlaşdırmaq və tərəfdaşlarımızla birlikdə bu həllərin
müştərilərin ehtiyaclarına maksimum cavab verməsini təmin etməkdir.
Bazarın tələbləri dəyişdikcə, məhsullarımızın aktuallığını və
effektivliyini qorumaq üçün tərəfdaşlarımızla sıx əməkdaşlığı davam
etdirəcəyik”, – deyə Visa-nın baş vitse-prezidenti
yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir