
Şuşa.Trend:
Böhranların və təbii fəlakətlərin işıqlandırılması
jurnalistlərdən təkcə peşəkar bacarıqlar deyil, həm də ciddi
psixoloji və fiziki hazırlıq tələb edir.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu Türkiyənin “Anadolu” agentliyinin
İdarə Heyəti sədrinin müavini və baş redaktoru Yusuf Özxan IV Şuşa
Qlobal Media Forumunda çıxışı zamanı deyib.
“Böhranları, dağıntıları və təbii fəlakətləri işıqlandırmaq son
dərəcə çətin işdir. Zəlzələdən sonra onlarla jurnalistimiz,
operatorumuz və fotoqrafımız zərərçəkmiş bölgələrə ezam olundu və
onlar bir ay ərzində son dərəcə ağır şəraitdə çalışdılar. Onlar
təkcə peşəkar çətinliklərlə deyil, həm də ciddi emosional
gərginlik, yuxusuzluq və ailələrindən uzaq qalmaq kimi sınaqlarla
üzləşdilər. Redaksiya rəhbərləri başa düşməlidirlər ki,
jurnalistlərin qayğısına qalmaq materialların hazırlanması qədər
vacibdir”, – deyə Özxan bildirib.
Onun sözlərinə görə, jurnalistlər özləri də dünyaya
çatdırdıqları hadisələrin ayrılmaz hissəsinə çevrilirlər.
“Jurnalistin hekayəsi də baş verənlərin bir hissəsidir. Çünki
məhz onlar insanların operativ məlumatlandırılmasını mümkün
edirlər. Əməkdaşlarımızın fədakar fəaliyyəti sayəsində zəlzələdən
zərər çəkmiş Hataydan ilk görüntülər internetin olmamasına və
infrastrukturun dağılmasına baxmayaraq, elə həmin gecə redaksiyaya
çatdırıldı. Materialları göndərmək üçün fotoqraflar rabitə tapmaq
məqsədilə şəhərdən onlarla kilometr uzağa getməli olurdular”, –
deyə o qeyd edib.
Özxan vurğulayıb ki, bu cür hallar fövqəladə vəziyyət
zonalarında çalışan jurnalistlərə dəstəyin vacibliyini və onların
dünya ictimaiyyətinin vaxtında məlumatlandırılmasındakı mühüm
rolunu bir daha nümayiş etdirir.

