
Bakı. Trend:
2025-ci ildə Azərbaycanda dövlət satınalmalarının ümumi daxili
məhsulda (ÜDM) payı 8,4 faizə çatıb.
Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
Trend Beynəlxalq
İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində
deyib.
Onun sözlərinə görə, ötən il ölkədə 10,8 milyard manat
məbləğində 19 min dövlət satınalması həyata keçirilib.
“Dövlət satınalmalarının ümumi daxili məhsulda payı 2025-ci ildə
0,6 faiz bəndi artaraq 8,4 faiz olub. Dövlət satınalmaları dövlətin
ehtiyaclarının müəyyənləşdirilməsi və bu ehtiyacların dövlət
xərcləri vasitəsilə təmin olunmasının əsas maliyyə və hüquqi
alətidir. Satınalmaların keyfiyyəti həm ölkənin iqtisadi
inkişafına, həm də fiskal dayanıqlığa mühüm təsir göstərir”, – deyə
o bildirib.
V.Gülməmmədov qeyd edib ki, beynəlxalq praktikada dövlət
satınalmalarının ÜDM-də payı 13-20 faiz, dövlət büdcəsi xərclərində
payı isə 30-50 faiz arasında dəyişir.
O, həmçinin bildirib ki, mövcud hesabatlarda dövlət
müəssisələrinin öz vəsaiti hesabına və bəzi qurumlar tərəfindən
həyata keçirilən satınalmalar əksini tapmadığından göstəricilər tam
mənzərəni əks etdirmir.
Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun
Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya
verdiyi birgə müsahibə iyulun 23-də saat 21:00-da tam şəkildə
yayımlanacaq.

