
Bakı. Trend:
2026-cı ilin birinci yarısında maliyyə sektoru istisna olmaqla,
Azərbaycanda depozit portfeli 4,2% artaraq 39,4 milyard manat
təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında
bildirilib.
Hesabat dövründə müddətli depozitlər 8,5% artaraq iyunun sonuna
17,4 milyard manat, cari depozitlər isə 1,1% artaraq 22,1 milyard
manat olub.
İyunun sonuna hüquqi şəxslərin ümumi depozitləri ilin əvvəli ilə
müqayisədə 2,6% artaraq 21,6 milyard manata çatıb. Hüquqi şəxslərin
depozitlərində cari hesabların payı 72,2%, müddətli depozitlərin
payı isə 27,8% təşkil edib.
2026-cı ilin birinci yarısının sonunda manatla depozitlərin
həcmi 26,2 milyard manat, xarici valyutada depozitlərin həcmi isə
13,2 milyard manat ekvivalentində olub.
Hesabat dövründə fiziki şəxslərin əmanətlərinin dollarlaşma
səviyyəsi 2,9 faiz bəndi azalaraq 27,9%, rezident fiziki şəxslər
üzrə isə 2,3 faiz bəndi azalaraq 25,6% təşkil edib.
Dövr ərzində manatla yeni cəlb olunmuş fiziki şəxslərin
əmanətləri üzrə faiz dərəcələri 0,3 faiz bəndi azalıb.
Hüquqi şəxslər üzrə yeni cəlb olunmuş manat depozitlərinin faiz
dərəcəsi iyunun sonuna 6,4% təşkil edib.
Xarici valyutada yeni cəlb olunmuş əmanətlər üzrə faiz
dərəcələri fiziki şəxslər üçün 0,1 faiz bəndi artıb. Hüquqi şəxslər
üzrə isə bu göstərici iyunun sonuna 3,3% təşkil edib.

