
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə
müəssisəsi olan “SOCAR Georgia Petroleum” “SOCAR Group”a daxil olan
“Italiana Petroli” şirkətindən ilk benzin partiyasını idxal
edib.
Bu barədə “SOCAR Georgia Petroleum” məlumat yayıb.
Bildirilib ki, 5 min tonluq EN 228 standartına uyğun yük
“Italiana Petroli”nin “SOCAR Group” tərəfindən alınmasından sonra
iki şirkət arasında ilk birbaşa təchizat əməliyyatıdır.
Məlumata əsasən, 5 min ton həcmində yüksək keyfiyyətli benzin
idxalı “Avropa EN 228” standartına uyğundur və Gürcüstana SOCAR-a
məxsus gəmi ilə çatdırılıb.
“Bu, SOCAR-ın “API Holding” şirkətindən İtaliya şirkətinin
səhmlərinin 99,82 faizini almasından sonra “SOCAR Georgia
Petroleum” ilə “Italiana Petroli” arasında həyata keçirilən ilk
kommersiya təchizatı əməliyyatıdır. Əməliyyat qrup daxilində
əməkdaşlığın genişləndirilməsinin, emal, dəniz logistikasını, yerli
paylama və pərakəndə satış fəaliyyətlərini vahid beynəlxalq aşağı
axın (downstream) dəyər zəncirində birləşdirən yanaşmanın praktiki
nəticəsidir. Gürcüstan bazarı baxımından isə bu əməliyyat yanacaq
təchizatı mənbələrinin şaxələndirilməsinə və yanacaq təminatının
etibarlılığının artırılmasına imkan verir”, – məlumatda qeyd
edilib.
“SOCAR Group”un tərkibində olmaq bir bazardakı təcrübə və
imkanların digər bazarda real nəticələr yaratması baxımından əlavə
dəyər formalaşdırır. “Italiana Petroli”nin emal sahəsində təcrübəsi
və keyfiyyətə nəzarət imkanlarını SOCAR-ın beynəlxalq logistika və
yerli paylama infrastrukturu ilə birləşdirərək Gürcüstanda yanacaq
təchizatı portfelimizi daha da şaxələndiririk. Yerli müştərilər
üçün bu, qəbul etdiyimiz Avropa standartlarına uyğun yüksək
keyfiyyətli yanacağa etibarlı çıxışın davam etdirilməsi deməkdir”,
– “SOCAR Georgia Petroleum” şirkətinin direktoru Nodar Kançaveli
bildirib.
Məlumata əsasən, “Italiana Petroli”nin 8 may 2026-cı ildə başa
çatdırılan satınalınması SOCAR-ın Avropadakı aşağı axın
əməliyyatlarını daha da genişləndirib. İtaliya SOCAR-ın Avropadakı
ilk bazarı deyil. Qrupun İsveçrə, Avstriya və Rumıniyada da
fəaliyyətləri mövcuddur. Daha geniş regional fəaliyyət
coğrafiyasına isə Türkiyə və Ukrayna daxildir.
Gürcüstan SOCAR-ın beynəlxalq inkişafında xüsusi yer tutur.
“SOCAR Energy Georgia” 2006-cı ildə SOCAR-ın Azərbaycandan kənarda
yaradılmış ilk törəmə şirkəti olub. Azərbaycandan kənarda SOCAR
brendi ilə fəaliyyət göstərən ilk yanacaqdoldurma məntəqəsi də
Rustavi yaxınlığında açılıb.
Qeyd edək ki, 2025-ci ilin sentyabrın 23-də Bakıda keçirilən
1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü
çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Italiana
Petroli S.p.A” və “MIP S.p.A” arasında səhmlərin alqı-satqısı üzrə
üçtərəfli saziş imzalanıb.
Sazişə SOCAR prezidenti Rövşən Nəcəf və “Italiana Petroli S.p.A”
şirkətinin İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imza
atıblar.
Bildirilib ki, bu razılaşma Azərbaycanın enerji sektorunda
beynəlxalq əməkdaşlığın dərinləşməsi və SOCAR-ın strateji
tərəfdaşlıqlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət
daşıyır.
“Italiana Petroli S.p.A”nın İdarə Heyətinin sədri Uqo Braçetti
Peretti Trend-ə müsahibəsində bildirib ki, Azərbaycan və SOCAR
bütövlükdə İtaliyaya yeni investisiyalar, müasir yanaşma və dəyərli
təcrübə gətirə bilər.
Uqo Braçetti Peretti Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu
ifadə edib: “Azərbaycan Aralıq dənizi regionunda qaz, xam neft və
neft məhsullarının istehsalı üzrə əsas ölkələrdən biridir. Bu
sahədə Azərbaycanın böyük etibarı və nüfuzu var. Biz də
Azərbaycanla bu əməkdaşlığı qurduğumuz üçün çox məmnunuq”.
SOCAR bütün lazımi tənzimləyici razılıqları əldə etdikdən sonra
8 may 2026-cı il tarixində “Italiana Petroli” şirkətinin
səhmlərinin 99,82 %-nin satın alınması prosesini tamamlayıb.

