
Bakı. Trend:
Azərbaycan ilə Çexiya arasında iqtisadi əməkdaşlığın
genişləndirilməsi, ticarət əlaqələrinin şaxələndirilməsi və
qarşılıqlı investisiyaların artırılması üçün geniş imkanlar
mövcuddur.
Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan nümayəndə
heyətinin rəsmi təmsilçisi Yusif Abdullayev bazar ertəsi Bakıda
keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.
“Azərbaycan ilə Çexiya arasında iqtisadi və ticarət əlaqələri
müsbət dinamika nümayiş etdirir. 2025-ci ildə iki ölkə arasında
ticarət dövriyyəsi 800 milyon ABŞ dollarını ötüb. 2026-cı ilin
yanvar-avqust aylarında isə bu göstərici ötən ilin müvafiq dövrü
ilə müqayisədə 7,7 faiz artaraq təxminən 760 milyon ABŞ dollarına
çatıb”, – deyə o bildirib.
Y.Abdullayevin sözlərinə görə, Çexiya Azərbaycanın əsas ticarət
tərəfdaşlarından biridir. 2026-cı ilin ilk səkkiz ayının
nəticələrinə əsasən, Çex Respublikası Azərbaycanın əsas ticarət
tərəfdaşları arasında səkkizinci, əsas ixrac istiqamətləri
sırasında isə beşinci yerdə qərarlaşıb.
O qeyd edib ki, xam neft Azərbaycanın Çexiya bazarına əsas ixrac
məhsulu olaraq qalır. Hesabat dövründə bu ölkəyə xam neft ixracı
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artaraq 700
milyon ABŞ dollarını ötüb.
“Bununla yanaşı, Azərbaycan məhsullarının Çexiya bazarına
ixracının şaxələndirilməsi üçün ciddi potensial mövcuddur.
Gübrələr, metanol, alüminium, eləcə də meyvə-tərəvəz məhsulları
ixracın genişləndirilməsi baxımından perspektivli istiqamətlərdir”,
– deyə Y.Abdullayev vurğulayıb.
O əlavə edib ki, qeyri-neft məhsullarının ixracında da müsbət
dinamika müşahidə olunur. Belə ki, 2026-cı ilin ilk səkkiz ayında
şabalıd ixracı 43 faizdən çox artıb, qablaşdırma çantaları və
torbalarının ixracında da artım qeydə alınıb.
Azərbaycan nümayəndə heyətinin rəsmi təmsilçisi iki ölkə
arasında investisiya əməkdaşlığının da inkişaf etdiyini
bildirib.
Onun sözlərinə görə, 1995-ci ildən 2026-cı ilin birinci
yarısınadək Çexiyadan Azərbaycana birbaşa investisiyaların həcmi
təxminən 74 milyon ABŞ dolları təşkil edib. Bunun təxminən 70
milyon dolları qeyri-neft-qaz sektoruna yönəldilib. Eyni dövrdə
Azərbaycanın Çexiyaya birbaşa investisiyalarının həcmi təxminən 70
milyon dollara çatıb.
“Hazırda Azərbaycanda kənd təsərrüfatı, sənaye, nəqliyyat,
tikinti, ticarət və xidmət sahələrində 34 Çexiya şirkəti fəaliyyət
göstərir. Bu, iki ölkənin biznes dairələri arasında əməkdaşlığın
genişləndirilməsi üçün mühüm əsasdır”, – deyə o qeyd edib.
Y.Abdullayev nəqliyyat və logistika sahəsində əlaqələrin
inkişafına da diqqət çəkib. Bildirib ki, 2025-ci ildə iki ölkə
arasında tranzit daşımalarının həcmi 32 min tona çatıb və əvvəlki
illə müqayisədə 47 faiz artıb. Şərq-Qərb və Şimal-Qərb nəqliyyat
dəhlizləri bu sahədə əməkdaşlığın inkişafında mühüm rol
oynayır.
O, sənaye və kənd təsərrüfatı sahələrində birgə layihələrin
həyata keçirilməsinin də əhəmiyyətini vurğulayıb. Bu baxımdan
Çexiyanın “Škoda Group” şirkəti ilə əməkdaşlıq, eləcə də “Agrofert
Group” ilə Qarabağ iqtisadi rayonunda “Ağdam quşçuluq” layihəsi
üzrə işlər diqqət çəkir.
Y.Abdullayev xatırladıb ki, ilin əvvəlində Qəbələdə
Azərbaycan-Çexiya Respublika Biznes Forumu keçirilib:
“Forum iki ölkənin biznes dairələri arasında əlaqələrin
inkişafı, biznesdən-biznesə (B2B) və biznesdən-hökumətə (B2G)
formatlarında müzakirələrin aparılması üçün platforma yaradıb.
Ümumilikdə, biznes forumları şirkətlər arasında birbaşa əlaqələrin
qurulması, yeni tərəfdaşlıqların yaradılması və qarşılıqlı
investisiya imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət
daşıyır. Azərbaycan ilə Çexiya arasında mövcud iqtisadi əlaqələrin
daha da dərinləşdirilməsi üçün bu cür platformalardan səmərəli
istifadə olunmalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan-Çexiya biznes
forumunda nəqliyyat, logistika, aviasiya, sənaye mühəndisliyi,
ağıllı nəqliyyat sistemləri və maliyyə xidmətləri sahələrində
fəaliyyət göstərən Çexiya şirkətləri iştirak edir. Tədbir iki
ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi və
yeni birgə layihələrin müzakirəsi məqsədi daşıyır.

