
Bakı.Trend:
TRACECA ölkələr arasında məlumat mübadiləsi standartlarının
uzlaşdırılması üzərində işləyir.
Trend-in
müxbirinin verdiyi məlumata görə, bunu TRACECA Hökumətlərarası
Komissiyasının Daimi Katibliyinin baş katibi Jasurbek Çoriyev
çərşənbə günü Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumu
çərçivəsində deyib.
Onun sözlərinə görə, ölkələr müxtəlif templərlə inkişaf edir və
onların heç də hamısı üçüncü tərəflərə ötürülməsi üçün tələb olunan
həcmdə məlumat təqdim etməyə hazır deyil.
“Bu baxımdan, biz məlumat mübadiləsi standartlarının
uyğunlaşdırılması və hər bir iştirakçının təqdim edə biləcəyi
məlumat səviyyəsinin müəyyənləşdirilməsi üzərində işləyirik. Bu,
bir-biri ilə qarşılıqlı əlaqədə olan şirkətlərə hansı maksimal
həcmdə məlumat təqdim edə biləcəklərini və həmin məlumatın qəbul
edilərək sonrakı mərhələdə ötürülə biləcəyini anlamağa imkan
verəcək”, – deyə C. Çoriyev bildirib.
O bildirib ki, vahid rəqəmsal platformanın yaradılması əvəzinə,
iştirakçıların ümumi məqsədə nail olmaq üçün bir-biri ilə
qarşılıqlı əlaqə qura biləcəyi ekosistemin inkişaf etdirilməsi
planlaşdırılır.
Qeyd edək ki, Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında
tərəfdaşlığın 30 illiyinə, eləcə də forumun keçirilməsinin 10
illiyinə həsr olunmuş Aİ-Azərbaycan Biznes Forumu keçirilir. Bu il
tədbir “Dəhlizləri birləşdirərək: əlaqəlilik və infrastruktur”
devizi altında təşkil olunur.
Forumda əsas diqqət nəqliyyat əlaqələrinin və infrastrukturun
inkişafına, Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın
gücləndirilməsinə, habelə regional ticarət və investisiyaların
genişləndirilməsinə yönəldilir.
Forumun proqramına yüksək səviyyəli müzakirələr, tematik
sessiyalar və dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə
işgüzar görüşlər daxildir.

