Şəhid qızı avropa çempionu oldu (FOTO)

Baş səhifə

Almaniyada keçirilən karate üzrə Avropa çempionatında 55
kiloqram çəki dərəcəsində qızıl medal qazanan idmançımız Mədinə
Sadıqova Vətənə qayıdıb.

Trend xəbər
verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda karate üzrə milli
yığmamızın üzvlərini qarşılayan arasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının və onun tabe təşkilatı Azərbaycan
Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının
nümayəndələri də olub.

Mədinə Sadıqova ölkəmizdə idmanın inkişafına göstərilən diqqət
və qayğı üçün dövlətimizə, dövlətimizin başçısına idmançılar
adından minnətdarlığını ifadə edib və yarışlara hazırlıq prosesində
ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

“Mən həm də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları
Assosiasiyasında məşqçi-müəllim kimi fəaliyyət göstərirəm.
Yarışlara ciddi şəkildə hazırlaşmışdım. İslam Oyunlarında
qazandığım uğurdan sonra növbəti hədəfim Avropa çempionu olmaq idi.
Hədəfimə nail oldum. Mənə dəstək olan məşqçilərimə, komanda
yoldaşlarıma, Azərbaycan Karate Federasiyasına və Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürümü bildirirəm.
Vətənimdə bu cür coşğu ilə qarşılanmaq mənim üçün
qürurvericidir”.

Qadınlar arasında karate üzrə 55 kiloqram çəki dərəcəsində ilk
dəfə qızıl medal qazanan idmançımız final görüşünün çətin keçdiyini
deyib: “Rəqibimə bələd idim, bir-birimizi yaxşı tanıyırdıq. Görüşün
İlk əvvəl hesabda geri olsam da, sonda 9:6 hesabı ilə qalib gələrək
Avropa çempionu titulunu qazanmağa nail oldum”.

Avropa çempionunun məşqçisi Seymur Xudaverdiyev gənc idmançının
uğurlarının davamlı olacağına inandığını bildirib:

“Mədinə çox intizamlı idmançımızdır. Onun Avropa çempionu
olacağına hamımız inanırdıq. O da bu ümidlərimizi doğrultdu. Dünya
çempionatında da idmançımızın uğur qazanacağına inanırıq”.




Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları İdman
Təşkilatları Assosiasiyasının təmsilçisi olan Mədinə Sadıqova 55
kiloqram çəki dərəcəsində böyüklər arasında Avropa çempionu
titulunu qazanan ilk azərbaycanlı qadın karateçidir.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları
Assosiasiyasında isə karate üzrə Avropa çempionatında qızıl medal
qazanan Mədinə Sadıqova ilə görüş keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Aparat
rəhbəri Ayaz Əliyev Mədinə Sadıqovanı qazandığı möhtəşəm uğur
münasibətilə təbrik edib. Ölkədə idmanın inkişafına göstərilən
dövlət qayğısından, Prezident İlham Əliyevin həyata keçirdiyi
uğurlu idman siyasətindən danışan Aparat rəhbəri bildirib ki, bu
qayğı və dəstək nəticəsində idmançılarımız beynəlxalq idman
arenalarında mühüm uğurlar qazanır, nüfuzlu yarışlarda ölkəmizi
layiqincə təmsil edirlər.

Avropa çempionu Mədinə Sadıqova çıxışında Azərbaycanda
idmançılar üçün yaradılan geniş imkanların, eləcə də AHİİTA
tərəfindən göstərilən dəstəyin onun peşəkar inkişafında mühüm rol
oynadığını bildirib.

Sonda Avropa çempionuna Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası adından hədiyyə təqdim olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir